Azərbaycanın mineral su ehtiyatlarının 40%-nə qədəri Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında yerləşir. Bu barədə 12 oktyabr tarixində ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevə istinadən APA-Economics xəbər verib.
Nazir müavinin sözlərinə görə, işğaldan azad olunan ərazilərdə 14 əsas çay, 9 su anbarı, bir neçə böyük göl və təbii mineral bulaqlar yerləşir. Həmin ərazilərdə su ehtiyatlarına nəzarət üçün 13 avtomat hidroloji stansiyanın qurulması planlaşdırılır.
"Buradakı zəngin yerüstü və yeraltı su ehtiyatlarından həm əhalinin içməli su ilə təminatında, həm də kənd təsərrüfatının inkişafı və elektrik enerjisi istehsalı üçün böyük istifadə potensialı var", - deyə nazir müavini bildirib.