Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ASC tərəfindən il ərzində 62 yeni investisiya layihəsinə baxılıb, onlardan 5-i təsdiqlənib. Bu barədə 6 yanvar tarixində İqtisadiyyat Nazirliyi məlumat verib.
Daxil olan müraciətlərin 23%-i kənd təsərrüfatı, 23%-i qida və içki sənayesi, 13%-i səhiyyə, 10%-i yüngül sənaye, 8%-i ağır sənaye, 8%-i tikinti və mədən sənayesi, 5%-i alternativ və bərpa olunan enerji, 5%-i ənənəvi energetika, 5%-i isə digər sahələrin payına düşür.
Layihə çərçivəsində meyvə şirəsi məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən “Balacans Agro Food” MMC şirkətinin fəaliyyətinin genişləndirilməsi üçün AİŞ tərəfindən 4,1 milyon manat investisiya ayrılıb. Burada 100 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub.
Azərbaycan İnvestisiya Şirkəti ASC 2006-cı ildə yaradılıb. AİŞ-in bütün payları Azərbaycan Respublikası dövlətinə məxsusdur. Şirkət iqtisadiyyat nazirinin sədrliyi ilə Müşahidə Şurası tərəfindən idarə edilir. AİŞ-in başlıca iqtisadi məqsədi Azərbaycan Respublikasının qeyri-neft sektoruna kapital investisiyalarının yatırılmasıdır.