Sentyabr ayının 8-də saat 00:57 radələrində Azərbaycanın İranla sərhədində atışma nəticəsində bir nəfər yaralanıb. Bu barədə Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq 10 sentyabr tarixində birgə məlumat yayıblar.
Atışmanın səbəbi üç naməlum şəxsin Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığında İrandan Azərbaycan istiqamətində sərhədi pozmaları olub.
Məlumata əsasən, naməlum şəxslər “Dayan” komandasına və havaya xəbərdarlıq atəşinə baxmayaraq ərazidən qaçmağa cəhd ediblər. Qaçışın qarşısını almaq üçün silah tətbiq edilib. Nəticədə sərhəd pozucularından biri yaralanıb, digər iki nəfər isə ərazidən uzaqlaşa bilib.
Qol nahiyəsindən yaralanan 40 yaşlı İran vətəndaşı Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Araşdırma zamanı onun çantasından 11 kiloqram 770 qram narkotikə bənzər maddələr aşkarlanıb.
Hadisə barədə İran tərəfi məlumatlandırılıb.
Faktla bağlı cinayət işi başlanılıb.