Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Müdafiə naziri Zakir Həsənov oktyabrın 5-də gürcüstanlı həmkarı Cuanşer Burçuladze ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə ölkələr arasında hərbi əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Zakir Həsənov Vətən müharibəsi zamanı Azərbaycanın mövqeyini dəstəklədiyinə görə Gürcüstan tərəfinə təşəkkürünü bildirib.
Görüşün sonunda Azərbaycan və Gürcüstanın Müdafiə nazirləri ikitərəfli əməkdaşlıq planı imzalayıblar.
Oktyabrın 4-də isə Zakir Həsənov Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə Tbilisidə görüşüb. Görüş zamanı Azərbaycan və Gürcüstan arasında hərbi təhsil sahəsində əməkdaşlıq və ikitərəfli əməkdaşlıq əlaqələrinin perspektivləri barədə danışılıb.