Avqustun 20-də Ombudsman beynəlxalq təşkilatlara hesabat göndərib. Hesabatın məqsədi Ermənistanın 1-ci Qarabağ və Vətən müharibələri dövründə Azərbaycana qarşı tətbiq olunan nifrət siyasətinin nəticələrini dünya ictimaiyyətinin nəzərinə çatdırmaqdır.
Ermənilərin Azərbaycana qarşı işğalının və terror əməllərinin hədəflərindən biri də məhz tarixi-dini abidələrimizdir. Rəsmi məlumata əsasən, Qarabağda tarixi-dini abidələrin ümumi sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahlardır. Qəbiristanlıqların sayı isə 900-dən artıqdır.
Şuşada yerləşən Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Saatlı məscidi və Ağdamda Cümə məscidi dağıdılıb, Laçında Ağoğlan, Kəlbəcərdə Xudavəng, Ağdərədə Gəncəsər məbədləri erməniləşdirilərək qriqoryanlaşdırılıb.
Şuşanın işğalından sonra Qarabağ Xan sarayı dağıdılaraq xarabalığa çevrilmişdir. Şuşa tarixi memarlıq qoruğunun ərazisində ermənilər Üzeyir Hacıbəyovun, Bülbülün ev-muzeylərini, Xurşud Banu Natəvanın saray kompleksini, Zöhrabbəyovların malikanələrini, Mir Mövsüm Nəvvabın evini dağıdıb, məhv edib. Hətta ermənilər Üzeyir Hacıbəyovun və Bülbülün, şairə Xurşud Banu Natəvanın heykəllərini Şuşa şəhərindən Ermənistan ərazisinə aparmışdılar. Bu abidələr güllələnmiş və ağır texnika vasitəsilə zədələnmişdirlər. Həmin abidələr çox çətinliklə əldə edilərək, Bakıya gətirilmişdir və hazırda işğaldan azad olunmuş Şuşa şəhərində quraşdırılıb.
[gallery columns="2" size="full" ids="4350,4351"]