Azərbaycanda 10 minə yaxın heyvan və 15 min hektara yaxın əkin sahəsi sığortalanıb. Sığorta 60-dan çox rayonda həyata keçirilib. Bu barədə 13 avqust 2021-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyi rəsmi səhifəsində məlumat verib.
Fermerlər tərəfindən “Braun-Şivis”, “Holştin-friz”, “Jersey”, “Simmental” və yerli cinsli inək-camışlar sığortalanıb. Ən çox sığortalanan bitkilər isə – pambıq, buğda, arpa və üzüm olub.
Sahibkar təsərrüfatını sığortalamaq üçün Elektron Kənd Təsərrüfatı informasiya sistemində qeydiyyatdan keçməlidir və müvafiq sığorta şirkətinə müraciət etməlidir. Sığorta hadisəsi baş verdikdən sonra 7 gün ərzində sığorta ödənişi sahibkarın hesabına köçürülür.
Hazırda aqrar sığorta mexanizmi vasitəsilə 14 bitki və əkin sahələrini, kənd təsərrüfatı heyvanlarını və balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Sığorta haqqının 50%-ni fermer, 50%-ni isə dövlət ödəyir. Fermerlər sığorta haqqını bitkiçilik və heyvandarlıq sığortası kalkulyatoru vasitəsilə hesablaya bilərlər.