Azərbaycanda 300 jurnalist koronavirusa yoluxub, onlardan 14-ü vəfat edib. Bunu oktyabrın 20-də Mətbuat Şurasının sədri Əflatun Amaşov Reporta bildirib.
Onun sözlərinə əsasən, şuranın təşkil etdiyi vaksinasiyaya indiyə qədər 1 100-dən çox media nümayəndəsi qatılıb.
Dünyasını dəyişən jurnalistlərdən biri Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğludur. O, sentyabrın əvvəllərində COVID-19-a yoluxub. Oktyabrın 19-da isə jurnalist müalicə olunduğu "Yeni Klinika"da vəfat edib.
Qeyd edək ki, Elnur Əşrəfoğlu 1995-ci ildə İsraildə müstəqil Azərbaycanın xarici ölkədən ilk futbol reportajını aparan şərhçi kimi televiziya tarixinə düşüb.