Azərbaycanda 2,1 milyard manat dəyərində 51 aqropark yaradılır. Onlardan artıq 43-ü fəaliyyət göstərir. Bu barədə 30 sentyabr tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Aqroparkların kənd təsərrüfatının inkişafındakı rolu” mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.
Nazirin sözlərinə görə, aqroparklar 32 rayonun 240 min hektar ərazisində yaradılır. 23 aqroparkın yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 173 milyon manat güzəştli kredit, İqtisadiyyat Nazirliyi tərəfindən 27 aqroparka isə 1 milyard manat dəyərində investisiya təşviqi sənədi verilib.
Nazir qeyd edib ki, indiyədək aqroparklarda ümumi olaraq 5000-dək insan daimi, 4500-dən çox insan isə mövsümü işlə təmin olunub. Yaradılacaq aqroparklarda əlavə 4300-dən çox iş yerinin yaradılması nəzərdə tutulub.