Azərbaycanda distant (məsafədən) iş forması ilə bağlı Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında yeni qanun layihəsi müzakirə edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Müzakirələr nazir Sahil Babayevin Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) üzvləri ilə görüşündə baş tutub.
Görüşdə distant iş formasında əmək münasibətlərində hüquqi tənzimləmələrə dair təkliflər diqqətə çatdırılıb. Həmçinin sözügedən iş formasının şərtlərinin tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində müəyyən edilməsi məsələsinə baxılıb.
Məsafədən iş dedikdə əmək funksiyalarının elektron vasitələrlə, iş yerlərindən kənarda yerləşən, münasib olan digər yerdə, məsələn evdə, mehmanxanada və s. yerinə yetirilməsi nəzərdə tutulub.