Bakı bərk məişət tullantılarının yandırılması zavodunda ildə 500 min ton tullantıların yandırılması nəticəsində 231,5 milyon KVt/saat elektrik enerjisi istehsal olunur. Bu barədə 13 yanvar tarixində "Təmiz Şəhər" ASC-yə istinadən Trend məlumat verib.
Məlumata əsasən, zavod istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında bu tipli ən iri müəssisə hesab olunur. 2012-ci ildən fəaliyyət göstərən zavodda ümumi 4 milyon tondan çox tullantı yandırılıb və nəticədə 1 586 394 MVt/saat elektrik enerjisi istehsal edilib. İstehsal edilən elektrik enerjisi yüksək gərginlikli xətlər vasitəsi ilə Bakı şəhərinin ümumi şəbəkəsinə ötürülür.