Azərbaycanda əkin sahəsinin sığortası üzrə ilk ödəniş həyata keçirilib. Bu barədə 23 sentyabr tarixində Aqrar Sığorta Fondunun (ASF) rəsmi Facebook səhifəsində məlumat verilib.
Ödəniş fermer Arif Niftullayevə İsmayıllı rayonunda üzüm sahəsinin məhv olunması səbəbilə edilib.
Bitkiçilik sahəsində dəymiş zərər üzrə ilk sığorta ödənişi ilə bağlı ASF tərəfindən tədbir keçirilib. Tədbirdə fondun idarə heyətinin sədri Fuad Sadıqov üzüm sahəsinin dolu düşməsi səbəbilə məhv olunmasından xəbər verib: “Fondun ekspertləri dəymiş zərəri müəyyən ediblər. Sığorta müqaviləsi üzrə fermerin əkindən 4200 manatlıq gəliri gözlənilirdi və 10% azadolma çıxılmaq şərti ilə fermerə 3780 AZN məbləğində ödəniş qəbzi təqdim olunub”.
Aqrar sığorta mexanizmi 2020-ci ilin noyabr ayından tətbiq olunur. Heyvandarlıq sahəsində dəymiş zərər üzrə ilk sığorta ödənişi 2021-ci ilin iyun ayında Göygöl rayonunda ödənilib. Sahibkar təsərrüfatını sığortalamaq üçün Elektron Kənd Təsərrüfatı informasiya sistemində qeydiyyatdan keçməlidir və müvafiq sığorta şirkətinə müraciət etməlidir. Sığorta hadisəsi baş verdikdən sonra 7 gün ərzində sığorta ödənişi sahibkarın hesabına köçürülür.
Hazırda aqrar sığorta mexanizmi vasitəsilə 14 bitki və əkin sahələrini, kənd təsərrüfatı heyvanlarını və balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Sığorta haqqının 50%-ni fermer, 50%-ni isə dövlət ödəyir. Fermerlər sığorta haqqını bitkiçilik və heyvandarlıq sığortası kalkulyatoru vasitəsilə hesablaya bilərlər.