Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı dövlət rüsumları dəyişdirilir. Bu, Milli Məclisin bugün, 1 noyabr tarixində keçirilən iclasında müzakirəyə çıxarılacaq qanun dəyişikliklərində öz əksini tapıb.
Avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə rüsumlar aşağıdakı kimi artırılır:
001, 002, 003, 004, 005, 006, 007,008, 009 üçün:
- müxtəlif seriya - 1500 manatdan 2000 manata;
- eyni seriya - 2500 manatdan 3000 manata;
100, 200, 300, 400, 500, 600, 700, 800, 900 üçün:
- müxtəlif seriya - 1000 manatdan 1500 manata;
- eyni seriya: 1500 manatdan 2000 manata;
111, 222, 333, 444, 555, 666, 777, 888, 999 üçün:
- müxtəlif seriya: 500 manatdan 1000 manata;
- eyni seriya: 1000 manatdan 1500 manata qaldırılır.
Yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə rüsum 22 manatdan 30 manata qaldırılır.
Qeydiyyat şəhadətnaməsinin verilməsinə görə də rüsumlar artırılır:
- avto-moto nəqliyyat vasitələri üçün - 25 manatdan 30 manata;
- traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün - 5 manatdan 10 manata qaldırılır.
Minik avtomobillərinin yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları ilə əlaqədar dövlət rüsumu 10 manatdan 20 manata qaldırılır.
Yaxın qohumlara bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirildikdə dövlət qeydiyyatına alınmasına görə rüsumlar aşağıdakı kimi olacaq:
- 2000 kubsantimetrədək olduqda - mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat;
- 3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat;
- 4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat;
- 5000 kubsantimetrədək olduqda - 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat;
- 5000 kubsantimetrdən çox olduqda – 1500 manat.
Dövlət rüsumunun məbləğlərinə minik avtomobillərinin istehsal tarixindən asılı olaraq aşağıdakı əmsallar tətbiq ediləcək:
- istehsal tarixi 4 ilədək olan minik avtomobillərinə – 1,0;
- istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə – 0,8;
- istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə – 0,3.