Azərbaycanda yeni "İter Vitis Qafqaz" şərab turizm marşrutu fəaliyyətə başlayır. Bu turizm marşrutunun Azərbaycanda necə təşkil ediləcəyi haqda 3 oktyabr tarixində Sputnik Azərbaycan reportaj hazırlayıb.
Azərbaycan Turizm Bürosunun Turizm Məhsulu şöbəsinin müdiri Şərifə Həsənova bildirib ki, şərab marşrutunun xəritəsi artıq müəyyən edilib: "Bu marşrut Rusiyanın Krasnodar vilayətindən başlayır, Azərbaycan ərazisinə keçir və Gürcüstanda başa çatır. Azərbaycanda isə bu marşrut Bakıdan start götürür". O, məlumat verib ki, marşrut Novxanıdan keçməklə, Ağsu, Şamaxı, İsmayıllı, Qəbələ, Şəmkir və Göygöl üzrə davam edəcək.
Şərifə Həsənova qeyd edib ki, ölkəmizdə turizm marşrutları üzrə 25-dən çox şərab zavodu mövcuddur. O, həmçinin əlavə edib ki, Qarabağın Xocavənd rayonunda şərab dequstasiyası ilə bağlı mərkəzlər açılacaq.
Büro rəsmisinin dediyinə görə, Azərbaycan ekzotik şərab kateqoriyasında olduğu üçün xarici turistlərin yerli şərablara maraq göstərəcəkləri gözlənilir. Onun sözlərinə əsasən, necə ki, çaçanı ancaq Gürcüstanda içmək mümkündür, "Mədrəsə" şərabını da turistlər ancaq Azərbaycanda içə biləcək.
Ölkədəki şərab istehsalından danışarkən, "Meysəri" şərab zavodunun nümayəndəsi Nicat Məhərrəmov bildirib ki, Şamaxının Meysəri kəndində yerləşən zavod artıq orqanik biosertifikat alıb. Sertifikatın alınması üçün Avropadan nümayəndə heyəti gələrək torpaq nümunələrini Fransaya göndərib və müvafiq icazədən sonra şəraba orqanik yazısı əlavə edilib. Standartlara görə, əsas şərtlərdən biri üzüm bağının magistral yoldan və sənaye obyektlərindən ən azı 500 kilometr uzaq olmasıdır və istehsal prosesində heç bir kimyəvi qatqıdan və əlavə şəkərdən istifadə olunmamasıdır.
Sözügedən müəssisədə istehsal olunan şərab yaxındakı restoranda qonaqlar tərəfindən saat yarım ərzində dequstasiya oluna bilər. Dequstasiya turuna qoşulmaq üçün bir gün əvvəlcədən rezervasiya etmək lazımdır. Ziyarətçilərin sayı 6 nəfərdən çox olarsa, bir nəfər üçün qiymət 20 manat təşkil edir. Onlara 3 növ şərab, çeşidli pendirlər, quru meyvələr, banan, bal təqdim edilir. Qonaq sayı 1-5 nəfər arası olduqda sadalananlar daxil olmaqla qiymət 30 manat olur.