İşğaldan azad edilmiş rayonlarda heyvandarlığın inkişafı Azərbaycanda ət və süd məhsullarının qiymətlərinin ucuzlaşmasına şərait yaradacaq. Bu barədə 21 sentyabr tarixində Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Trend-ə deyib.
Sədrin sözlərinə görə, işğaldan azad edilmiş rayonlar heyvandarlıq üçün böyük potensiala malikdir: “Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonları işğaldan əvvəl heyvandarlığın inkişafı ilə seçilən rayonlardan olublar. Bu ərazilər təbii şəraitə və bol yem ehtiyatlarına malikdir. Minalardan təmizləndikdən və əhalinin yaşaması üçün təhlükəsizlik təmin edildikdən sonra bu rayonlarda heyvandarlıq sürətlə inkişaf edəcək”.
Tahir Rzayevin dediyinə görə, hazırlanan müəyyən layihələrin həyata keçirilməsindən sonra heyvandarlığın inkişafı ət və süd məhsullarının idxalının azalmasına və qiymətinin aşağı düşməsinə səbəb olacaq.
2021-ci ilin ilk səkkiz ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə ət istehsalı 3,2% artıb.