İşğaldan azad edilən, amma minalardan tam təmizlənməmiş ərazilərə daxil olmağa cəhd göstərən şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən oktyabrın 13-də məlumat verilib.
Belə ki, “VAZ” markalı maşının sürücüsü Cəlilabad rayon sakini və avtomobildə olan həmyerlisi Mehdili kəndinə gedərkən saxlanılıb. Onlar 10 gün müddətinə həbs ediliblər.
Bununla yanaşı, Cocuq Mərcanlı kəndinin ərazisində “Man” markalı avtomobil “Saxla” işarəsinə rəğmən azad olunan əraziyə keçmək istəyib. Sürücünün Füzuli, sərnişinlərin isə Bakı sakini olduğu məlum olub. Sözügedən şəxslər polis tərəfindən saxlanılıb.
Oxşar hadisə sentyabrın 26-ı da baş verib. Kəlbəcərə icazəsiz getmək istəyən 11 nəfər saxlanılıb. Onlar barəsində inzibati tənbeh tədbiri görülüb.