Azərbaycan Hava Yolları QSC Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edib. Sözügedən qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib. Bu haqda 6 yanvar tarixində AZAL-ın Facebook səhifəsində məlumat verilib.
Məlumatda deyilir ki, bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq.
Daha öncə Bakı-Almatı reysi həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirilirdi.
Qeyd edək ki, yanvarın 2-də Qazaxıstanın Manqistau vilayətinin Janaozen və Aktau şəhərlərində qazın qiymətinin iki dəfə artırılmasına qarşı keçirilən etiraz aksiyaları toqquşmalarla nəticələnib. Yanvarın 19-na kimi bütün ölkədə fövqəladə vəziyyət elan edilib.