İmişli, Sabirabad, Saatlı və Beyləqan rayonlarında yeni pambıq sortlarının sınaq əkininə başlanılıb. Bu barədə 26 aprel tarixində Kənd Təsərrüfatı Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, 7 mutagenez Pakistan, 1 Türkiyə və 1 yerli sort pambıq növü sınaq və müqayisəli şəkildə təcrübədən keçiriləcək. Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru Elçin Xəlilovun sözlərinə görə, ötən ildən başlayaraq institutun təcrübə sahələrində bu toxumların sınağı uğurla aparılıb. Belə ki, pambıq sortlarından 55-60 sentner məhsul əldə olunub. Eyni zamanda, bu pambıq sortlarında 45%-dən çox lif çıxımı alınıb.
Qeyd edək ki, məqsəd quraqlığa, xəstəliklərə qarşı dözümlü olan toxumların aşkarlanması və yüksək məhsul əldə etməkdir.