Ötən ilin 23 oktyabr tarixində Azərbaycan Vətən müharibəsində yeganə qadın şəhidini verib. Arəstə Baxışova Qubadlı rayon ərazisində gedən döyüşlərdə yaralı əsgəri atışma bölgəsindən çıxaran zaman aldığı güllə yarasından şəhid olub.
Azərbaycan Silahlı Qüvvələrinin çavuşu Arəstə Baxışova hərbi feldşer vəzifəsində çalışıb. O, İkinci Qarabağ müharibəsində Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib.
1989-cu il təvəllüdlü xanım şəhidin 12 yaşlı oğlu və 11 yaşlı qızı var.
Arəstə Baxışova Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub. O, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.