Gəncə Perinatal Mərkəzi 16 yaşlı qızın ana olması ilə bağlı APA-ya açıqlama verib.
Baş həkim Sevda Hüseynovanın sözlərinə görə, qız aprelin 9-da saat 00:42-də ağır vəziyyətdə, 40 həftəlik hamiləlik diaqnozu ilə mərkəzə daxil olub. Onun üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün özünü 2003-cü il təvəllüdlü şəxs kimi təqdim edib.
“Xəstənin vəziyyəti ağır olduğundan təcili olaraq cərrahiyyə əməliyyatına götürülüb. Daha sonra onun gerçək yaşının 16 olduğu məlum olub. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib”, - deyə həkim söyləyib.
Bildirilib ki, qadın 4 kiloqramlıq qız uşağı dünyaya gətirib. Hazırda ananın və körpənin vəziyyəti stabildir. Həmçinin yeniyetmənin 3-cü dərəcəli piylənməsi olduğu və 110 kiloqram çəkidə olduğu deyilib: “Yaşı az olmasına baxmayaraq, zahiri görkəmdə 16 yaşı olduğu bilinmir. Ona görə də həkimləri aldatmağa çalışıb”.
Faktla bağlı araşdırmalara başlanılıb.