Vaksindən koronavirusa yoluxmaq mümkün deyil. Bu haqda oktyabrın 2-də Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov Trend-ə bildirib.
Baş infeksionistin sözlərinə görə, insan peyvənd vurduran zaman virusa yoluxursa, buna səbəb peyvənd deyil, viruslu insanla təmasda olmaqdır.
“Vaksinlərin tərkibində canlı virus yoxdur. İstər vaksin vurulan ərəfədə, istərsə də sonra insan viruslu biri ilə təmasda olduqda yoluxa bilər və bu 2-14 gündən sonra meydana çıxır”, - deyə Təyyar Eyvazov vurğulayıb.
Daha öncə, sentyabrın 15-də baş infeksionist bildirmişdir ki, koronavirus əleyhinə vurulan peyvənddən 10 gün sonra olan qızdırma da vaksinlə əlaqəli deyil. Belə hallarda digər səbəbləri araşdırmaq lazımdır.
Azərbaycanda bugünədək COVID-19 əleyhinə peyvəndin hər iki dozasını vurduran şəxslərin sayı 3 milyondan çox təşkil edir.