Bugün, oktyabrın 28-də Bakı metropolitenində 289 nəfərin həyatına son qoyan qəzadan 26 il ötür. Həlak olanlardan 28-i uşaq, 126-ı isə qadın olub. Yaralananların sayı isə 270 təşkil edib.
1995-ci ildə "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatar alışıb. Hadisənin səbəbi kimi qatarın nasazlığı ilə yanaşı maşinistin səhv qərar verməsi də göstərilib. O, qatarı tuneldə saxladığına görə insanlar vaqonlardan çıxıb qaçmağa başlayıblar. Sərnişinlərin çoxu havaçəkmə sistemi yararsız olduğuna görə hava çatışmazlığından ölüb. Digərləri isə ayaq altında qalaraq dünyasını dəyişib.
Qatarın maşinisti və dispetçeri təhlükəsizlik qaydalarına riayət etməməkdə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib.
Prezident Heydər Əliyevin sərəncamı ilə ölkədə 3 gün matəm elan olunub. Vəfat edənlərin ailələrinə 1 milyon manatlıq yardım göstərilib.
Sözügedən hadisə Ginnesin Rekordlar Kitabına dünyada ən böyük metro qəzası olaraq daxil edilib.