Bakıda 27-29 oktyabr tarixlərində Marriott Hotel Boulevard-da Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçiriləcək. Bu barədə okyabrın 25-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin səhifəsində məlumat verilib.
Sammit böyük Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq.
Keçiriləcək sammitdə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak edəcək. Tədbir çərçivəsində startaplar üçün xüsusi proqram, sərgi, mədəni və digər tədbirlər təşkil olunacaq.
Təşkil ediləcək tədbirin əsas məqsədi ölkələrarası ticarət, iqtisadi, elmi-texniki, sosial və mədəni əlaqələri gücləndirməkdir. Digər məqsəd isə Qarabağın azad edilmiş ərazilərində investisiya imkanlarını təşviq etməkdir.