Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Yadigar Cəfərovun cinayət işi üzrə məhkəməsi başlayıb. Bu haqda yanvarın 31-də Report məlumat yayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə onun anket məlumatları dəqiqləşdirilib. Baxış iclası fevralın 2-nə təyin edilib.
İnsident 2021-ci ilin iyul ayında Xəzər rayonunun Binə qəsəbəsində baş verib. Sözügedən şəxs 35 yaşlı arvadını bıçaqlayaraq öldürüb. O, daha sonra özünə də xəsarət yetirib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və xilas edilib.
Yadigar Cəfərov “qəsdən adam öldürmə” maddəsilə ittiham olunur.
Baş Prokurorluğun məlumatına əsasən, 2021-ci ilin 9 ayı ərzində baş verən qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətləri nəticəsində 51 qadın həyatını itirib. Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.