İndiyədək bəzi ali məktəblərdə tələbə və müəllimlərin koronavirusa yoluxduqlarına görə bir neçə qruplar 14 gün müddətinə distant təhsilə keçib. Bu haqda Report oktyabrın 20-də araşdırma aparıb.
Dövlət Pedaqoji Universitetində 29 sentyabrdan bugünədək 14 qrup distant təhsilə keçid edib. Onlardan 2 qrup artıq ənənəvi təhsilə dönüb.
Bakı Dövlət Universitetinin 7 qrupunun tələbələri arasında koronavirus aşkarlanıb. Bu qruplar 14 gün müddətinə distant təhsilə keçib.
Tibb Universitetində 5 qrupda yoluxma halı qeydə alınıb və onlarda da dərslər 2 həftəlik distant keçiriləcək.
Dillər Universitetindən bildirilib ki, yoluxan tələbələrin sayı 14 təşkil edir. 3 qrupda dərslər müvəqqəti olaraq onlayn keçirilir.
Dövlət Neft və Sənaye Universitetində onlayn dərslər 3 qrupda keçirilir. Hər qrupda bir nəfərdə koronavirus aşkarlanıb.
Bakı Mühəndislik Universitetində cəmi 3 tələbə koronavirusa yoluxub. Verilən məlumata görə, həmin şəxslər 2 həftəlik dərslərdən kənarlaşdırılıblar.
Texniki Universitetində də 3 tələbə COVID-19-a yoluxub. Buna görə də həmin şəxslərin təhsil aldığı qruplar distant təhsilə keçib. Universitetdən bildirilir ki, yoluxanların vəziyyəti normaldır.
Adıçəkilən ali məktəblərdən fərqli olaraq, Azərbaycan Dövlət İqtisad Universiteti və Mədəniyyət və İncəsənət Universitetində bütün qruplarda dərslər ənənəvi qaydada davam edir.