Bakının Binəqədi rayonundakı küçələrdən birinə şəhid jurnalist Məhərrəm İbrahimovun adı verilib. Bunu Report-a açıqlamasında şəhidin qardaşı jurnalist Əsgər İbrahimov bildirib.
Bu barədə qərar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən verilib. Qərara əsasən, şəhidin adı vaxtı ilə yaşadığı M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən küçəyə verilib.
Məhərrəm İbrahimov bu il iyunun 4-də Kəlbəcərdə vəzifəsini icra edərkən tank əleyhinə minaya düşərək şəhid olub. Onunla birgə operator Sirac Abışov və Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev də şəhid olublar.
Ölümündən sonra M.İbrahimov Prezidentin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.