Bakıdakı 116 nömrəli tam orta məktəbdə sinifə yeni gələn oğlan şagirdin saçının uzun olduğuna görə müəllimə onu digər uşaqlara qız kimi təqdim edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən dekabrın 16-da verilən məlumata görə, məktəb rəhbərliyi tərəfindən qeyd olunan müəlliməyə töhmət verilib.
Həmçinin idarədən valideyn ilə əlaqə saxlanılıb. O, qurumun əməkdaşları ilə görüşüb anlaşılmazlığa səbəb olan məsələni müzakirə edəcək.
Haqqında bəhs edilən şagird jurnalist Röya Rəfilinin oğludur. Media nümayəndəsi baş verən hadisə barədə Facebook-da paylaşım edib.
Onun sözlərinə əsasən, bu sözləri 11 yaşlı məktəbliyə sinif rəhbəri deyib: “Müəllimə mənə deyib ki, çaşıb, elə bilib oğlum qızdır. Mənim övladım yubka yox, şalvar geyinib. Adı isə Amindir. Burda çaşmaq mümkün deyil”.
O vurğulayıb ki, artıq vəkilləri ilə danışıb və məsələ ilə bağlı rəsmi şikayət etməyi planlaşdırır.