Azərbaycanda sentyabrın 29-dan universitetlərdə tədris prosesinə başlanılacaq. Bu səbəbdən tələbə yataqxanalarının ödəniş və şəraiti ilə bağlı məsələ aktuallaşıb. Bu haqda 15 sentyabr tarixində Oxu.az saytı araşdırma edib.
Bu il Bakı Dövlət Universiteti 220 nəfər üçün nəzərdə tutulan tələbə evini istifadəyə verəcək. Yataqxananın hər otağında 2-3 tələbənin yaşaması mümkün olacaq. Tələbə evi müasir avadanlıqlarla, çamaşırxana, “wi-fi”, oxu zalı, məişət otaqları ilə təmin olunub. Oğlan və qız tələbələr ayrı-ayrı mərtəbələrdə yerləşdiriləcək. Tələbələr tərəfindən yalnız saxlanma xərclərinin ödənilməsi nəzərdə tutulur.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbə evində 320 tələbənin yerləşdirilməsi mümkündür. Bir otağın qiyməti isə 100 manatdır. Burada 2-3 tələbə qala bilər. Ödəniş həmin tələbələrin arasında bölüşdürülür. Maddi sıxıntısı olan tələbələr Həmkarlar İttifaqı Komitəsinə müraciət etdikdə onlara ödənişdə güzəşt olunur.
Azərbaycan Tibb Universitetinin dörd yataqxanasının ünumi tutumu 975 nəfərdir. Burada qiymətlər 30-90 manat arasında dəyişir. Ödənişlər əsasən tələbənin oxuduğu kursdan və seçilən yataqxanadan asılıdır. Universitetdən bildirilib ki, şəhid ailələrindən olan tələbələrə güzəşt edilir.
Azərbaycan Texniki Universitetindən məlumat verilib ki, yataqxanada 1988-90-cı illərdə qaçqın və məcburi köçkün ailələri məskunlaşdırıldığından, bina tamamilə yararsız hala düşüb və təyinatı üzrə istifadə edilə bilməz:
“Hazırda universitetin yataqxanalarında məskunlaşan qaçqın və məcburi köçkünlərin köçürülmə prosesi davam edir. Bu proses tam yekunlaşdıqdan sonra yataqxana əsaslı şəkildə təmir olunacaq və tələbələrin istifadəsinə veriləcək”.