2021-ci ilin yanvar-sentyabr ayları ərzində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də ümumi yükaşırmanın həcmi 21% artıb. Bu barədə 18 oktyabr tarixində Bakı Limanının Facebook səhifəsində məlumat verilib.
Cari ilin ilk 9 ayı ərzində Bakı Limanında yükaşırmanın həçmi 4 milyon 298 min tondan çox olub.
Ən çox artım quru yük aşırmalarında müşahidə olunub. Ötən il ilə müqayisədə Bakı Limanında aşırılan quru yükün həcmi 69% artıb. Yükün əsas hissəsini Türkmənistan mənşəli gübrə məhsulları təşkil edib.
Sözügedən dövrdə Bakı Limanında aşırılan konteynerlərin sayında da artım qeydə alınıb.
Neft və neft məhsullarının həcmi isə 3 dəfəyə yaxın artaraq 1 milyon tondan çox təşkil edib.
Bakı Limanı vasitəsilə daşınan ağırtonnajlı nəqliyyat vasitələrinin (TIR) sayında və Bərə terminalının vaqon aşırılmasında qismən azalma qeydə alınıb.