Bu gün, noyabrın 6-da Bakı metrosunun işə düşməsindən 54 il ötür. Bakı metropoliteni Türk və İslam ölkələri arasında qurulan ilk metropolitendir.
1967-ci ildə Bakıda yeraltı nəqliyyatın işə başlaması şəhərin mərkəzindən uzaq rayonları bir-biri ilə yaxınlaşdırdı, sərnişindaşımalarındakı gərginliyi aradan qaldırdı. Həmin vaxt 5 stansiya və 6,5 km-lik yeraltı xətdən ibarət olan Bakı metropoliteninin hazırda 36,6 kilometr uzunluğunda 3 xətti, 26 stansiyası və 1 elektrik deposu var.
Metropolitenin ilk “Bakı Soveti” (İçərişəhər m/s), “26 Bakı Komissarı” (Sahil m/s), “28 Aprel” (28 May m/s), “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları istismara verilib.
Perspektivdə 50 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulub. Bakı Metropoliteni daşınan sərnişinlərin sayına görə dünyada 41-ci yerdədir.