Bakının Yeni Suraxanı qəsəbəsində mərkəzi küçənin təmirinə başlanılıb. Bu barədə 30 mart tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
Məlumata əsasən, küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağı, küçə profilə salınıb. Bildirilib ki, hazırda zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir.
Son mərhələdə küçəyə ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək, avtobus dayanacağı, yol nişanları quraşdırılacaq.
Qeyd olunub ki, təmir işlərinin Yeni Suraxanı qəsəbəsinin 14 iyul küçəsindən ayrılan və ümumi uzunluğu 1000 metr təşkil edən məhlədaxili yollarında da aparılması planlaşdırılır.