Yeni inşa edilən Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda piyadalar üçün 60-dan çox yeraltı keçid nəzərdə tutulub. Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri deyib.
O bildirib ki, yolda tikinti işləri davam etdirilir. Yol birinci texniki dərəcəyə uyğun olaraq inşa olunur və sürət yolu olacaq. Yolda yerüstü piyada keçidləri olmayacaq, yalnız yeraltı keçidlər inşa olunur. Həmin keçidlərin 1,5-2 kilometrdən bir inşası nəzərdə tutulub.
“Yeraltı keçidlər insanların sıx yaşadığı ərazilərdə yaxın məsafədə, yaşayış olmayan ərazilərdə isə müəyyən normativlərə əsasən inşa edilir," - deyə qurum rəsmisi bildirib.
Xatırladaq ki, inşası olunan sürət yolunun gələcəkdə ölkənin ilk ödənişli yolu olacağı bildirilir.