Bakıda avtomobil sürücüsü adam vuraraq hadisə yerindən qaçmağa çalışıb. Bu barədə dekabrın 17-də Report məlumat yayıb.
Məlumata əsasən, hadisə Binəqədi rayonunda, “Azadlıq” metro stansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, “Ravon” markalı avtomobilin sürücüsü piyada keçidindən keçən 22 yaşlı gənc qızı vurub.
Yaralını təcili tibbi yardım xəstəxanaya çatdırıb. Ona qapalı kəllə-beyin travması və körpücük sümüyünün sınığı diaqnozu qoyulub.
Sürücü hadisə yerindən yayınmaq istəyərkən, digər avtomobillə toqquşub. Hadisəni törədən sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılıb.