İşğaldan azad olunmuş ərazilərdə ermənilərin açdığı atəş nəticəsində yaralanan "Bakcell" şirkətinin əməkdaşı Anar Rəhimli açıqlama verib. Bu barədə dekabrın 30-da AzTV məlumat yayıb.
Onun sözlərinə əsasən, sahəyə gedərkən qarşılarına çıxan erməni postunu bizimki sanıblar: “Yoldaşım yolu açmalarını demək üçün ora getdi. Sonra qaçaraq maşına tərəf gəldi və dedi ki, erməni postudur. Maşını arxaya verəndə atəş açmağa başladılar. Güllənin biri qoluma dəydi, sümüyüm sındı”. A.Rəhimli bildirib ki, sükanı döndərə bilmədiyi üçün avtomobil dirəyə çırpılaraq dərəyə düşdü, sonra da aşdı.
Sözügedən şəxs dünən axşam saatlarında Gəncə Xəstəxanasına yerləşdirilib. Həkimlərin dediyinə görə, onun vəziyyəti stabildir.
Hadisə dekabrın 29-da saat 16:00 radələrində rayonun “Yeddi xırman” adlanan ərazisində baş verib. 1993-cü il təvəllüdlü Bakı sakini qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən xəsarət alıb.