“Baku Steel Company” (BSC) dünyada ilk dəfə Azərbaycanda olacaq startap layihəni həyata keçirməyə hazırlaşır. Bu barədə 19 oktyabr tarixində Report məlumat verib.
Yenilik istehsal prosesində süni intellektin tətbiqi ilə bağlıdır. Belə ki, metalın əridilməsində qərarvermə prosesi insan tərəfindən deyil, süni intellekt vasitəsilə həyata keçiriləcək. Hesablamalara əsasən, bu startap tətbiq olunarsa, zavod il ərzində milyonlarla manat vəsaitə qənaət etmiş olacaq.
Layihənin həyata keçirilməsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) iştirak edəcək. Proqramlaşdırma işlərinə qeyri-səlis məntiq nəzəriyyəsinin banisi olan Lütfi Zadənin davamçısı ADNSU-nun professoru Rafiq Əliyev rəhbərlik edəcək. Texniki işlər isə BSC-nin Baş direktorunun müavini Ramin Kərimovun nəzarəti altında keçəcək.
Sözügedən layihənin tamamlanması bir il davam edəcək.
“Baku Steel Company” MMC Cənubi Qafqazın ən böyük özəl metallurgiya şirkətidir. Bu şirkət 2001-ci ildən armatur, məftil, borular və çeşidli fasonlu tökmələrin istehsalı ilə məşğuldur. İstehsal olunan məhsullar ölkədə satılmaqla yanaşı Rusiya, Gürcüstan, Qazaxıstan, Türkiyə kimi ölkələrə də ixrac olunur.