Azərbaycanda son 10 il müddətində tullantıların təkrar emalından 82 milyon manat dəyərində məhsul istehsal olunub. Bu barədə 15 oktyabr tarixində Trend Balaxanı Sənaye Parkına istinadən məlumat verib.
İstehsal olunan 10,8 milyon manat dəyərində məhsul Niderland, İsveçrə, ABŞ, Qazaxıstan, Gürcüstan, Rusiya və Belarus daxil olmaqla bir sıra xarici ölkələrə ixrac olunub.
Balaxanı Sənaye Parkında 23 rezident rəsmi olaraq qeydiyyatdan keçib. Rezidentlər tərəfindən bura 45 milyon manata yaxın investisiya qoyulub və 800-dən çox yeni iş yeri yaradılıb. Parkın rezidentləri 10 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən azad olunurlar. Həmçinin tullantıların təkrar emalında istifadə olunan texnoloji avadanlıqlar idxal zamanı ƏDV-dən və idxal rüsumundan 7 il müddətinə azad edilir.