Gürcüstanın Batumi şəhərində yeddimərtəbəli yaşayış binasında baş verən uçquna görə Azərbaycan vətəndaşı Zaur Budaqov, Hüseyn və Giorgi Surmanidzelər həbs edilib. Reportun yaydığı məlumata görə, bu barədə şəhər məhkəməsi oktyabrın 11-də qərar qəbul edib.
Həbs edilənlər tikintidə təhlükəsizlik qaydalarını pozaraq insan itkisinə və ağır nəticələrə səbəb olmaqda ittiham olunurlar. Sözügedən şəxslərin günahı sübuta yetirilərsə, onları 2 ildən 5 ilədək həbs gözləyir.
Budaqovun vəkili ekspertiza rəyi olmadan təqsirləndirilən şəxsin həbsə alınmasını qanunsuz adlandırıb.
Oktyabrın 8-də Gürcüstanın ikinci ən böyük şəhəri olan Batumidə yaşayış binası çöküb. Hadisə nəticəsində 9 nəfər həlak olub. Bu səbəbdən oktyabrın 11-i Gürcüstanda matəm günü elan edilib.