Binəqədi rayonunda sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb. Bu barədə aprelin 29-da Azərsu məlumat yayıb.
“Baksol” adlandırılan ərazidə yerləşən mebel sexində içməli sudan qanunsuz istifadə halı aşkar olunub. Məlum olub ki, obyekt sahibi yaxınlıqdan keçən xəttə qanunsuz qoşularaq sudan istifadə edir.
Binəqədi kəndi ərazisində yerləşən fermer təsərrüfatında da sudan qanunsuz çəkilmiş xətt vasitəsilə istifadə edildiyi aşkarlanıb.
Binəqədi qəsəbəsinin “Mərkəz” adlandırılan ərazisində fəaliyyət göstərən ət mağazasında da sudan qanunsuz istifadə edilməsinin qarşısı alınıb.
Binəqədi qəsəbəsinin 1-ci mədən, 8-ci korpus ərazisində fərdi yaşayış evlərinin birində sudan sayğacdankənar istifadə aşkarlanıb.
Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib.
Qeyd edək ki, 2022-ci ilin birinci rübündə içməli sudan qanunsuz istifadə ilə bağlı 2093 fakt aşkarlanıb.