Avqustun 13-də Birləşmiş Millətlər Təşkilatının rəsmisi Keişamaza Rukikaire Oxçuçayın təmizlənməsində BMT-nin Azərbaycana yardım etməyə hazır olduğunu bildirib.
Təşkilatın rəsmisi Oxçuçay məsələsindən məlumatsız olduqlarını qeyd edib: “Lazım gələrsə, Ətraf Mühit Proqramı (UNEP) Azərbaycana kömək etməyə hazırdır. Biz bunu BMT-nin Azərbaycandakı rezident koordinatorunun rəhbərliyi altında həyata keçirə bilərik".
BMT-nin Ətraf Mühit Proqramı (UNEP) üzv dövlətlərin ekoloji fəaliyyətini koordinasiya edir.
Uzunluğu 85 kilometr olan Oxçuçay Ermənistanın Qafan rayonu və Azərbaycanın Zəngilan rayonunun ərazisindən keçir. Çayın 47 kilometri Ermənistan ərazisindən axır.
Cari ilin əvvəlində Azərbaycan Ekologiya Nazirliyinin mütəxəssisləri Oxçuçayda yüksək təhlükəli maddələrin konsentrasiyasını aşkar ediblər. Oxçuçay Ermənistan sənaye zavodu tərəfindən çirkləndirilib və suvarma üçün yararsız hala gətirilib. Zavodun əsas səhmdarlarından biri Almaniyanın “CRONIMET” şirkətidir.