Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı tədbirlərin görülməsi ilə bağlı müvəqqəti qərar verib. Bu haqda məlumat dekabrın 7-də məhkəmənin saytında yerləşdirilib.
Məhkəmə Ermənistanın Azərbaycana qarşı “müharibə məhbuslarının dərhal geri qaytarılması” və Hərbi Qənimətlər Parkının bağlanmasına dair tələblərini rədd edib. Qərara əsasən, Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı tədbirlər görülməlidir və hər iki tərəf fikir ayrılığını şiddətləndirə biləcək hərəkətlərdən çəkinməlidir.
"2020-ci il münaqişəsi zamanı əsir götürülən və həbsdə qalan bütün şəxslərin zorakılıqdan müdafiəsi, onların təhlükəsizliyi və qanun qarşısında bərabərliyi təmin edilməlidir", - deyə sənəddə qeyd edilib.
Bəyan edilib ki, Ermənistan bir sıra məsələlərlə bağlı məhkəməyə əsaslandırılmış sübutlar təqdim edə bilməyib.
Bu ilin oktyabr ayında Azərbaycan və Ermənistan irqi zəmində qarşı tərəfi nifrət yaymaqda, etnik təmizləmə siyasətini həyata keçirməkdə qarşılıqlı sürətdə ittiham edən iddialarla Beynəlxalq Ədalət Məhkəməsinə müraciət ediblər. Ermənistanın iddiası ilə bağlı dinləmələr oktyabrın 14-15-də, Azərbaycanın iddiası ilə bağlı dinləmələr isə bir həftə sonra, oktyabrın 18-19 keçirilib.