BMT Bakı və İrəvanı təmkinlilik nümayiş etdirməyə və sərhəddə baş verən narahatlıqları sülh yolu ilə həll etməyə çağırıb. Bunu BMT-nin rəsmi nümayəndəsi Farhan Haq noyabrın 16-da bildirib.
"Biz tərəfləri üçtərəfli bəyanatlara uyğun hərəkət etməyə çağırırıq. Biz əvvəllər müşahidə etdiyimiz hər hansı eskalasiyaya qayıtmaqdan çəkinmək istəyirik", - deyə o əlavə edib.
Eyni zamanda Rusiya XİN cəbhədə baş verən hadisələrə münasibətini bildirib: “Sərhəddə gərginləşən vəziyyətin sülh yoluna ötürülməsi üçün Rusiya Azərbaycan və Ermənistanla təmasdadır”.
Daha əvvəl Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan noyabrın 16-sı sərhədboyu Azərbaycan ordusunun mövqelərini atəşə tutub. Nəticədə iki hərbi qulluqçumuz yaralanıb.
Nazirlikdən qeyd olunub ki, qarşı tərəfin əks-həmləsi Azərbaycan hərbçiləri tərəfindən dəf edilib: “Erməni hərbi qulluqçuları qorxu və təşviş içində mövqelərini tərk edir”.