Bakıda avtobus zolağının tələbini pozan minik avtomobilləri müşahidə kameraları vasitəsilə qeydə alınaraq ictimailəşdiriləcək. Bu barədə noyabrın 6-da Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumata görə, ictimai qınaq obyektinə çevrilməmək üçün sürücülər avtobus zolağının tələbinə riayət etməli, ictimai nəqliyyatın üstünlüyünə anlayışla yanaşmalıdırlar. Avtobus zolağının tələbinin pozulması inzibati məsuliyyət yaratmaqla yanaşı həm də avtobusla hərəkət edən sərnişinlərə qarşı etinasızlıqdır.
“Bir çox minik avtomobillərinin sürücüləri avtobus zolaqlarının tələbinə riayət etmirlər. Bu səbəbdən avtobusların hərəkət qrafikində ləngimələr yaranır və dayanacaqlarda sərnişin sıxlıqları yaranır”, - Agentlikdən bildirilib.
Qeyd edək ki, gündəlik olaraq 2,2 milyon insan ictimai nəqliyyat vasitəsindən istifadə edir.