Aprelin 22-də Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürəcək. Bu haqda Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Milli Gimnastika Arenasında təşkil olunacaq yarış 3 gün davam edəcək.
Ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova təmsil edəcək. Qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina çıxış edəcək.
Yarışı izləmək üçün biletləri iticket.az saytından və şəhərin kassalarından əldə etmək olar.
Qeyd edək ki, bu, Bakıda bədii gimnastika üzrə təşkil olunacaq 9-cu Dünya Kuboku olacaq. Azərbaycan 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına da ev sahibliyi edib.