Azərbaycanda bu ilin sonuna qeyri-neft ixracının dəyərinin 2,2 milyard dollara çatdırılması planlaşdırılır. Bu barədə 6 oktyabr tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda keçirilən tədbirdə bildirib.
Nazirin sözlərinə görə, 2020-ci ildə pandemiya ilə bağlı Azərbaycanda ümumi daxili məhsul 4,3% azalıb. O, həmçinin əlavə edib ki, hökümət makro iqtisadi sabitliyin təmin edilməsi üçün əhaliyə və biznesə 2,7 milyard dollar yardım göstərib. Bu yardım paketi 5 milyon vətəndaşı əhatə edib.
“Bu ilin 9 ayında Azərbaycanda vergi ödəyicilərinin sayı 5% artıb. Son 10 ildə qeyri-neft-qaz sektoru iqtisadiyyatın aparıcı inkişaf amilinə çevrilib, ümumi daxili məhsulun tərkibində onun xüsusi çəkisi 48%-dən 70%-ə çatıb”, - deyə Mikayıl Cabbarov qeyd edib.