Oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş dindirilib.
O bildirib ki, A. Abdullayev sosial şəbəkələrdə onun haqqında yalan və əsassız rüsvayedici məlumatlar paylaşıb: “Guya ağacları qanunsuz olaraq çıxarmışam. Qeyd etdi ki, ya 15 min manat verməliyəm, ya da bu faktları sosial şəbəkələrdə paylaşıb məni biabır edəcək”.
Təqsirləndirilən şəxs isə zərərçəkmişi tanımadığını və ona qarşı səsləndirdiyi ittihamlarla razılaşmadığını deyib.
Daha sonra digər zərərçəkmiş dindirilib. O da bildirib ki, A. Abdullayev onu ağacları kəsməkdə ittiham edərək pul tələb edib: “Güclü külək obyektimin qarşısındakı ağacı avtomobilin üzərinə aşırmışdı. Aidiyyəti qurumlar gəlib ağacı kəsib apardılar. Bu zaman ora gələn Ata Abdullayev əlində telefonla canlı yayıma çıxdı, mənim haqqımda yersiz ittihamlar səsləndirdi. Daha sonra o, məndən 7 min manat pul istədi".
Məhkəmənin növbəti iclası noyabrın 2-nə təyin edilib. Qeyd edək ki, A. Abdullayev DTX əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. İttihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib.