Bugün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunla əlaqədar metronun “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Bu barədə oktyabrın 21-də Bakı Metropoliteni QSC məlumat yayıb.
Oyundan sonra sərnişinlərin təhlükəsiz daşınmasını təmin etmək məqsədilə keçidlərdə, vestibüllərdə və platformada müvafiq tədbirlər görüləcək. Ehtiyat qatarlar da nəzərdə tutulur.
Qeyd edək ki, bugün “Qarabağ” Qazaxıstanın “Kayrat” klubunu qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Satışa çıxarılan bütün biletlər satılıb. Qaydalara əsasən, pandemiya səbəbindən stadionların 50%-ə qədər doldurulmasına icazə verilir.