Ötən il oktyabrın 22-də Dövlət Sərhəd Xidmətinin giziri Xudayar Yusifzadə Zəngilanın Ağbənd kəndində gedən döyüşlərdə şəhid olub.
Şəhid Kəlbəcər rayonu istiqamətində, Murovdağ yüksəklikləri, Füzuli, Cəbrayıl və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Məlumata əsasən, savaş meydanında Xudayar güllə yarası alsa da təxminən 40 dəqiqə döyüşüb, sonra isə pulemyotla vurulub.
22 yaşlı gizir oxuduğu “Vətən yaxşıdır” mahnısının ifası ilə ölkədə tanınıb. Video ölümündən iki gün qabaq Zəngilanda çəkilib və sosial mediada trendə çevrilib.
Şəhidin dayısının sözlərinə görə, o, Milli Təhlükəsizlik xidmətində işləmək istəyirdi və forma geyinməyi çox sevirdi.
Dayısı öncələr Xudayarın mühafizəçi kimi işləməsindən və necə sərhədçi olmasından da danışıb: "İşlədiyi marketin rəhbəri ona deyib ki, qapını aç, o da qüruruna sığışdırmayıb və “mən mühafizəçiyəm” deyə cavab verib. Bir nəfər bunu görüb, deyib ki, sənin yerin bura deyil, sabah sənədlərini götür gəl. Beləcə sərhədçi olub".
Anasının sözlərinə görə, oğlu ailəsinə müharibədə olduğu barədə məlumat verməyib, yalnız təlimlərdə olduğunu söyləyib.
Xudayar Yusifzadə ölümündən sonra "Vətən uğrunda" medalı, "Azərbaycan Bayrağı" ordeni və "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib. Cari ilin fevral ayının 18-də şəhidin büstü onun təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində qoyulub.
Video: YouTube Baku TV