Oktyabrın 12-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun İranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefon danışığı baş tutub.
XİN-dən verilən məlumata görə, nazirlər iki ölkə arasındakı münasibətlərin cari vəziyyətini müzakirə ediblər. Tərəflər son zamanlar müşahidə olunan ritorikanın zərərli olduğunu və bütün fikir ayrılıqlarının dialoq vasitəsilə həll edilməsinin vacibliyini qeyd ediblər.
Nazirlər, həmçinin ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmətin hər zaman rəhbər tutulmasının vacibliyini vurğulayıblar.
Müzakirə zamanı tranzit daşımalarına dair sualların birbaşa iki ölkənin aidiyyəti dövlət qurumları arasında həll edilməsi qənaətinə gəlinib.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanın XİN-i İranın iddialarına reaksiya vermişdir. Bildirilmişdir ki, Azərbaycan ərazisində terrorçu olmayıb və yoxdur.