Narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 21 nəfər saxlanılıb. Onlardan ümumilikdə 68 kiloqram narkotik və psixotrop maddə, habelə 790 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Bu barədə noyabrın 12-də DİN məlumat verib.
Abşeron rayonunda narkotiklərin qanunsuz dövriyyəsi və sosial şəbəkələrdə gənclər arasında təbliğatı ilə məşğul olan ikisi qadın olmaqla 5 nəfər saxlanılıb.
Narkotik vasitələrin ölkədə paylanmasına nəzarət edən şəxslərdən biri Qaradağ rayonunda saxlanılıb. Onun üzərində və evində 39 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 16 kiloqram heroin, 20 kiloqram metamfetamin və 400 metadon həbləri aşkar edilib.
Yasamal və Suraxanı rayonlarında isə beynəlxalq narkoşəbəkənin 3 üzvü tutulub. Onların Asiyadan Avropaya qaçaqmalçılıq yolu ilə narkotiklər göndərən xarici narkotacirlər üçün Azərbaycanda narkokuryerlik etdikləri müəyyən edilib.
Bundan başqa, Sabirabad, Ağdaş, Lənkəran, Astara və Qazax rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 4 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, elektron tərəzilər və 20 ədəd metadon həbi aşkarlanıb.
Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.