Azərbaycanda uşaqların zorakılığa məruz qalması ilə bağlı faktlar var. Azyaşlılar zorakılığı daha çox elə ailədə görür. Bu haqda noyabrın 25-də Daxili İşlər Nazirliyinin əməkdaşı Kəmalə Ələkbərova bildirib.
Onun sözlərinə görə, bu gün psixoloqların yardımına ehtiyac var: “Cütlüklər dərk etmədən, gənc yaşında ailə qururlar. Hətta 30 yaşında evlənənlər var ki, ailənin nə olduğunu başa düşmür. Problemlər də buradan yaranır".
K.Ələkbərova məktəblinin qaçırılmasına cəhd xəbərinə də münasibət bildirib. O qeyd edir ki, bu cür hadisələr çox vaxt boşanan valideynlərin ailələrində baş verir.
“Ailələr boşanan zaman düşmən kimi boşanırlar. Ata övladını anasına göstərmək istəmir, ana uşağı evdən aparır, deyirlər ki, uşaq oğurlanıb”, - deyə Kəmalə Ələkbərova əlavə edib.
Qeyd edək ki, bugün Bakıda uşağın qaçırılması cəhdi ilə bağlı xəbərlər yayılmışdır. Azyaşlı qız məktəbdən çıxarkən naməlum şəxs onu bıçaqla hədələyərək zorla avtomobilə itələyib. Lakin uşaq maşından düşərək qaçmağı bacarıb.