Azərbaycan Respublikası ilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında 65 milyon dollar məbləğində kreditin ayrılmasına dair müqavilə imzalanıb. Bu barədə 27 oktyabr tarixində Maliyyə Nazirliyinin rəsmi səhifəsində məlumat yayılıb.
Kredit Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna alternativ olan Salyan (Yenikənd) - Biləsuvar yolunun bir hissəsinin yenidən tikintisi üçün ayrılıb. Nəticədə yolun səmərəliliyi, təhlükəsizliyi və yeni yol xidmətlərinin keyfiyyətinin artırılması təmin ediləcək. Bu marşrut boyunca yaşayan insanlar yol infrastrukturundan, iqtisadi imkanlardan və əsas xidmət obyektlərindən istifadə edə biləcəklər.
Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlıq edir. Bu dövr ərzində Bank Azərbaycanın reallaşdırdığı layihələrə ümumilikdə 4 milyard dollar vəsait ayırıb.